«Sehrli abidələr»
Azərbaycan sivilizasiyanın ən qədim məskənlərindən biridir. Ölkədə minilliklər ərzində mədəni irsin əsasını təşkil edən abidələr yaradılmış və onların bir çoxu dünya inciləri sırasına daxil edilmişdir.Yer kürəsinin bu gözəl guşəsində maddi mədəniyyətin nadir abidələrinə, keçmiş əsrlərin memarlıq ənənələrinə rast gəlmək olur. XX əsrin sonlarında müstəqilliyini əldə etmiş dövlətin gənc nəsli öz ölkəsinin tarixini və mədəniyyətini dərindən bilməlidir. Gənclərə ali həyat dəyərlərinin əsasını təşkil edən vətənpərvərlik və vətəndaşlıq hislərini aşılamaq üçün bu zəruridir.
Uşaqlara ünvanlanan və qədim torpağın memarlıq abidələrindən bəhs edən bu kitab Azərbaycanda dərc edilən unikal bir nəşrdir.