«Azərbaycan memarlıq elementləri»
Azərbaycan milli memarlığı xalqımızın həyat tərzini, onun mədəniyyətini özündə təcəssüm etdirən maddi mədəniyyətimizin ayrılmaz mühüm bir hissəsidir. Qədim tarixə, dərin qaynaqlara malik olan memarlıq ənənələrimiz müxtəlif mərhələlər, dövrlər keçərək, tarixi və mədəni təsirlərə məruz qalaraq formalaşmış və dövrümüzə gəlib çatmışdır. Respublıka ərazisində mövcud olan çoxsaylı memarlıq abidələri, xalq yaşayış nümunələri özünəməxsus forma və plan həlli ilə, tikinti və mühəndislik texnikası, zəngin bəzək tərtibatı ilə milli memarlıq mədəniyyətimizin dəyərini özündə əks etdirir.
Azərbaycan memarlıq irsinin öyrənilməsi və tətbiqi XX əsrdən başlayaraq tədqiqatçıların, memarların diqqətini cəlb etmiş, və son dövrlərə qədər bu sahədə çox işlər görülmüşdür.
Təqdim olunan bu kitabda, həmin ənənələrin davamı olaraq, Azərbaycan milli memarlığında işlənən elementlər toplanmışdır. Qeyd etmək lazımdır ki, milli memarlıq elementlərinin araşdırılması ilə bağlı konkret tədqiqat əsərləri yoxdur. Bu mövzuya bəzi tədqiqat işlərində birbaşa olmasa da, qismən, müxtəlif mövqelərdən toxunulmuşdur.
İkinci dünya müharibəsindən sonrakı illərdə görkəmli Azərbaycan memarı Mikayıl Hüseynov tərəfindən ilk dəfə olaraq milli memarlıq elementlərinin araşdırılması və tətbiqi ilə bağlı təşəbbüs göstərilmişdir. Həmin dövrdə tədqiqatçılar tərəfindən müxtəlif abidələrə və dövrlərə aid materiallar toplanmış, müxtəlif başlıqlar altında bir neçə albomun maketi hazırlanaraq, kustar üsulu ilə müəssisə daxili istifadə üçün, məhdud nüsxədə çap olunmuşdur. Həmin nümunələrdən biri, 1949-cu ildə, keçmiş «Azqosarxproekt», indiki, «Azərdövlətlayihə» institutunda, akademik M.A.Hüseynovun rəhbərliyi altında «Справочник архитектора» başlığı altında tərtib edilmişdir. Təəssüf ki, həmin iş tamamlanmamış və əsər nəşr olunmamışdır.
Bu materialları dərindən tədqiq edərək onları kitab şəklində təqdim etmək qərarına gəldik. Qeyd etmək lazımdır ki, ötən əsrin 40- 50-ci illərində toplanmış materiallar, təbii olaraq qrafik baxımdan əllə işlənmiş, cizgilərin bəziləri tamamlanmamışdır. Bəzi cizgilər müxtəlif mexaniki təsirlərdən tam yararsız vəziyyətə düşmüş, çox hissəsi isə zamanla bağlı təbii aşınmaya məruz qalmışdır. Materialların sistemləşdirilməsində də, müəyyən dolaşıqlıq aşkarlanmışdır.
Təqdim olunan «Azərbaycan memarlıq elementləri» kitabında isə tərtibat heyəti əvvəlki yanaşmalardan tam fərqli bir yol tutmuşdur. Belə ki, əvvəlki qüsurları nəzərə alaraq, onların yenidən təkrarlanmaması üçün bütün materiallar ciddi şəkildə həm mövzu baxımdan, həm də qrafika üslubu baxımdan təftiş edilmişdir.
Seçilmiş materiallar kompyuter qrafikası əsasında yenidən işlənmış və bəziləri bərpa olunmuşdur. Bütün materiallar bölmələr üzrə sistemləşdirilmiş və qısa təsnifatı verilmişdir. Oxucunu cizgilərlə yormamaq və onların informativ – vizual təsirini artırmaq üçün mövzu ilə bağlı fotoşəkillər verilmişdir.
Ümidvarıq ki, təqdim olunan bu kitab, Azərbaycan milli memarlığına, onun çoxəsrlik ənənələrinə maraq göstərən mütəxəssislər, tədqiqatçılar və ümumiyyətlə bütün oxucular üçün faydalı olacaqdır.